MƏDƏNİYYƏT
“Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzinə infotur
Bakı, 3 iyul, AZƏRTAC
“AtaTravel”, “Synergy Group” və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə “Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzinə ikigünlük infotur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 100-dək yerli turizm şirkətinin və media nümayəndələrinin iştirak etdikləri infoturun keçirilməsində əsas məqsəd “Chinar Hotel & SPA Naftalan”ın turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.
Tədbir iştirakçıları əvvəlcə “Chinar Hotel & SPA Naftalan” sağlamlıq və istirahət mərkəzi ilə tanış olublar. “Chinar Hotel & SPA Naftalan”ın meneceri Turqay Arı və baş həkimi Xurşud Namazəliyeva buranın fəaliyyət istiqaməti və müalicəsi barədə məlumat veriblər. Bildirilib ki, 2011-ci ildən yeni təmirdən çıxmaqla fəaliyyətə başlayan mərkəz otel və tibb bölməsindən ibarətdir. Orta hesabla ildə 10 min turist qəbul edir. Naftalan neftindən 77-dən çox xəstəliyin müalicəsində, o cümlədən sümük əzələ sistemi, dəri, ginekoloji, damar, mədə-bağırsaq, nevroloji, stomatoloji və digər xəstəliklərin müalicəsində istifadə olunur. Vannada istilik 37-38 dərəcədir. Vanna qəbulunun müddəti 8-10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur. Qalan vannalar 2-3 gün, bir gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursu 10-12 vanna təşkil edir. Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5–2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır. Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur.
Mərkəz daha çox turist cəlb etmək üçün xüsusi paketlər təklif edir. İki həftəlik paket müalicə ilə yanaşı, gündə 3 dəfə yemək də daxil olmaqla 59 manat təşkil edir.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələrin turizmin təbliğinə və inkişafına öz töhfəsini verdiyini deyib. O qeyd edib ki, turizm sənayesinin daha da inkişafı, rəqabətədavamlı turizm sisteminin qurulması məqsədilə turizm haqqında yeni qanun qəbul olunacaq.
“Avropa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından mühüm işlər görülüb. Qərb, Türkiyə və Körfəz ölkələrində də Naftalanın tanıdılması üçün tədbirlər gücləndirilir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək. Bu sahəni inkişaf etdirməklə bağlı təkliflər sırasında 1,5 faizdən çox olmayan uzunmüddətli güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Turizm sahəsində yeni innovativ imkanlarla yeni markalanma həyata keçirməliyik, ölkəmizin turizm istiqamətlərini dünyada tanıtdırmalıyıq”, - deyə R.Quliyev bildirib.
Naftalan şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zöhrab Adıgözəlov diqqətə çatdırıb ki, ötən il Naftalana 20 mindən çox turist gəlib və onların da 4800-i xarici turistlərdir. Bu ilin ilk beş ayında Naftalana gələn 5 min turistin 900-ü xarici ölkə vətəndaşlarıdır. Bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisindən 1200 nəfər çoxdur. Son dövrlər Rusiyadan gələnlərin sayı 5 faiz artıb. Ümumilikdə, “Chinar Hotel & SPA Naftalan”ı 2011-2016-cı illər ərzində 42 ölkədən turist ziyarət edib. Bu müddətdə mərkəz 12 beynəlxalq sərgidə iştirak edib və sertifikat alıb. Hazırda turistlərin sayının artırılması istiqamətində müəyyən layihələr həyata keçirilir.
Z.Adıgözəlov qeyd edib ki, Naftalanda yerləşən və hazırda fəaliyyət göstərməyən hava limanının təmirinə 2017-ci ildən başlanılacaq və buradan xarici ölkələrə də uçuşlar həyata keçiriləcək.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaTravel”in ölkəmizin turizm sektorunun xaricdə təbliğ olunması istiqamətində mühüm işlər gördüyünü deyən “AtaHolding” ASC-nin korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “AtaTravel” yeni layihələr həyata keçirməyi planlaşdırır və bu cür infoturların mütəmadi keçirilməsini nəzərdə tutur.
İnfoturun sonuncu günü tədbir iştirakçıları Naftalanda Heydər Əliyev Mərkəzi ilə tanış olublar.