İQTİSADİYYAT
Cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarət gücləndiriləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Vergilər Nazirliyində struktur dəyişiklikləri nəticəsində nazirliyin vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə acıqlama verib.
Departament rəisinin sözlərinə görə, baş idarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib. “Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi Borclarının Məcburi Alınması İdarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq”,- deyə, Z.Məmmədzadə vurğulayıb.
Qeyd olunub ki, vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması, ilk növbədə borclu vergi ödəyiciləri ilə işə çox ciddi yanaşılması ilə bağlıdır. Vergi ödəyicisində borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır. Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergi ödəyicilərini ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür.