İQTİSADİYYAT
Cinayət tərkibli işlərlə əlaqədar dəymiş ziyanın məbləği yuxarı həddə qaldırılıb
Bakı, 10 noyabr, AZƏRTAC
“Elektron cinayət işi”nin tətbiqi başa çatdırılmış cinayət işləri üzrə elektron istintaq materiallarının gələcəkdə prokurorluq orqanları vasitəsilə elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndərilməsi mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə jurnalistlərə müsahibəsində deyib.
O, həmçinin bildirib ki, Cinayət Məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra düzəlişlər edilib. Belə ki, Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cinayət tərkibli işlərlə əlaqədar dəymiş ziyanın məbləği yuxarı həddə qaldırılıb.
“Sözügedən dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin müdafiəsi məqsədini daşıyır. Qanuna edilmiş dəyişiklikdən sonra cinayət tərkibi yaratmayan cinayət işlərinə xitam verilib. Hazırda bu tipdə 300-yə yaxın material var”,- deyə Z.Məmmədzadə vurğulayıb.