CƏMİYYƏT
Cinayətkar qrup 4 kiloqramdan artıq narkotik vasitəni satarkən yaxalanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında “Mercedes Benz E230” markalı minik avtomobilini idarə edən Nicat Məmmədov şərti alıcı qismində çıxış edən əməkdaşa torbada olan narkotik vasitələri təhvil verərkən saxlanılıb. Daha sonra cinayətkar qrupun digər üzvləri - Elşən Əhmədov və Ramil Abdullayev yaxalanıblar.
Müvafiq araşdırılma aparıldıqdan sonra 1 kiloqram 985 qram narkotik vasitə - tiryək və 2 kiloqram 20 qram narkotik vasitə -həşiş qətranı aşkarlanıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.