İQTİSADİYYAT
“Cisco”-nun Azərbaycanda təşkil edəcəyi forum informasiya texnologiyaları sənayesi liderlərinin dəstəyilə keçiriləcək
Bakı, 25 may, AZƏRTAC
“Cisco” şirkətinın Bakıda təşkil edəcəyi "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumu informasiya texnologiyaları sənayesi liderlərinin dəstəyilə keçiriləcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, MDB, Latın Amerikası, Hindistan və Cənub-Şərqi Asiya bazarlarında fəaliyyət göstərən və müxtəlif informasiya texnologiyaları üzrə həll və xidmətlərin qlobal təchizatçısı olan “Softline” şirkəti forumun qızıl sponsorudur. Verilənlərin saxlanılması sistemlərinin aparıcı istehsalçılarından biri “NetApp” şirkəti "Verilənlərin emalı mərkəzləri" adlı tematik istiqamətin sponsoru statusunu əldə edib. Şərqi Avropa və Qafqaz ölkələrinin bazarlarında konsaltinq, sistem inteqrasiyası, proqram tətbiqetmələrinin və coğrafi informasiya sistemlərinin işlənib hazırlanması sahəsində həllər təqdim edən R.I.S.K. şirkəti forumun platin sponsorudur.
Forumda iştirak üçün əvvəlcədən http://cs.co/press veb-səhifəsində qeydiyyatdan keçmək lazımdır.