İQTİSADİYYAT


“Citigroup”: Neft hasilatının daha 9 ay azaldılması ehtimalı 60-70 faizdir

Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha 9 ay uzadılması ehtimalı 60-70 faizdir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup Inc.”in əmtəə araşdırmaları üzrə rəhbəri Ed Morse bu qənaətdədir. O deyib: “Hazırda iyun ayında sona çatacaq neft hasilatının azaldılması üzrə sazişin daha 9 ay uzadılması müzakirə edilir. OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin hazırda 1,8 milyon barrel/gün olan sazişdəki neft hasilatının azaldılması öhdəliklərinin artıracaqları ehtimalı 60-70 faizdir. Hasilatın daha gündəlik 300-500 min barrel azaldılması mümkün ola bilər. Belə bir ehtimalda isə əsas payı Səudiyyə Ərəbistanının öz üzərinə götürməsi lazımdır”.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.