ELM VƏ TƏHSİL


“Climate Launchpad” proqramının ikinci mərhələsinə başlanılıb

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) baş sponsorluğu ilə “Climate Launchpad” proqramının ikinci mərhələsinə başlanılıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, "Climate Launchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Azərbaycanda "startup" ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "Climate Launchpad"in ölkəmizdəki rəsmi tərəfdaşı “Social Innovation Lab”dır. AMEA YTP dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan “Climate Launchpad” proqramını dəstəkləyərək gənclər arasında təşəbbüskarlığı təşviq edir. Müsabiqədə iştirak edən komandalar təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırırlar. Dörd mərhələdən ibarət olan müsabiqədə startapçılar vacib biznes biliklərini layihələr üzərində tətbiq etməyi öyrənirlər.

Hazırda həftənin bazar günləri startapların inkişafı üçün "National Coaching" sessiyaları - xüsusi təlimlər keçirilir. Komandalar yerli ekspertlər tərəfindən "Climate Launchpad"in müəyyənləşdirdiyi vacib biznes konseptləri üzərində təcrübə keçərək ölkə finalına hazırlaşır. Bu il 37 ölkənin qatıldığı beynəlxalq layihədə Azərbaycanı təmsil edən 14 komanda ölkə finalına çıxmaq üçün mübarizə aparır. Avqust ayında keçiriləcək ölkə finalınadək davam edən təlimlərə qatılan komandalar qalib gələrək oktyabrın 17-18-də Kiprın Limasol şəhərində keçiriləcək beynəlxalq finala vəsiqə qazanmaq istəyirlər. Ölkə finalında ilk üç yeri tutan komanda dünya finalında iştirak hüququ qazanacaq.

Dünya finalında hər iştirakçı ölkədən üç komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək. Azərbaycanı üç startap layihəsi təmsil edəcək. Dünya finalında qaliblərə pul mükafatı veriləcək. İlk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaq. “Akselerator” proqramında hər bir layihəyə üç mərhələdə maliyyə dəstəyi verilir.

İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa İttifaqı (Aİ) İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Aİ İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən “Climate Launcpad” artıq dördüncü dəfədir keçirilir. Bu il müsabiqədə Azərbaycan, Türkiyə, Kipr, Avstriya, Belçika, Bolqarıstan, Danimarka, İngiltərə, Estoniya, Finlandiya, Fransa, Almaniya, Ukrayna və s. ölkələr iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.