İDMAN
“Coca-Cola Məktəbli Kuboku” turniri və könüllülük fəaliyyəti ilə bağlı memorandumlar imzalanıb
Bakı, 8 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Dekabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Təhsil Nazirliyi və “Azerbaijan Coca-Cola Bottlers” şirkəti arasında futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” turniri ilə əlaqədar memorandumun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, memorandumu AFFA-nın baş katibi Elxan Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel imzalayıblar.
2009-cu ildən keçirilən “Məktəbli Kuboku” turniri 2011-ci ildən AFFA, “Azerbaijan Coca-Cola Bottlers” və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Uğurlu 5 illik əməkdaşlığın ardından tərəflər ölkənin ən kütləvi futbol layihəsi olan “Coca-Cola Məktəbli Kuboku”nun daha dörd il uzadılması qərara alınıb. Layihə respublika məktəblərinin 70 faizini əhatə edir.
Həmçinin Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ilə AFFA arasında könüllülük fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb.
Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. “BİR” Tələbə-Könüllü Proqramına daxil olan ali təhsil müəssisələrində AFFA tərəfindən keçirilən yerli və beynəlxalq tədbirlərdə könüllülərin iştirakı və onların təlimlərə cəlb edilməsi məsələsi də sənəddə yer alıb.
“BİR” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə-könüllülərin böyük rolunun olduğu nəzərə alınaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllülük fəaliyyəti ilə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.