REGİONLAR
Cocuq Mərcanlı kəndində 23 ildən sonra ilk dəfə Novruz tonqalı alovlanıb VİDEO
Cəbrayıl, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 21-də ölkəmizdə Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsi qeyd edilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində isə 23 ildən sonra ilk dəfə Novruz tonqalı alovlanıb.
Cəbrayıl rayonunun digər kəndləri kimi, Cocuq Mərcanlı kəndində də son Novruz tonqalı 1993-cü ildə qalanıb. 1994-cü ildə Cocuq Mərcanlı işğaldan azad edilsə də, yaxınlıqdakı yüksəkliklər erməni silahlılarının nəzarəti altında olduğundan kənddə Novruz tonqalları qalamaq mümkün deyildi. Ötən ilin aprelində Azərbaycan Ordusunun ermənilərin təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı ilə Lələtəpə yüksəkliyini işğaldan azad etməsi Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi.
Kənddə yaşayan yeganə ailə - Həziyevlər ailəsi üçün builki bayram ikiqat sevinclidir. Çünki 23 ildən sonra ilk dəfə olaraq təhlükəsiz şəraitdə, Azərbaycan Ordusuna güvənərək, Novruz tonqalı qalayıblar.
Ailənin başçısı Oqtay Həziyev AZƏRTAC-ın müxbirinə çərşənbə sevincini belə ifadə edib: “Bizim üçün ən sevincli gündür. Əvvəllər yaxınlıqdakı yüksəkliklər düşmənin nəzarəti altında olduğu üçün Novruz tonqalı yandıra bilmirdik. Bu istək 23 ildir ki, ürəyimizdə qalmışdı. Axı biz adət-ənənələrimizə bağlı xalqıq. Bu çərşənbədə ən böyük diləyimiz isə bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarını öz həyətlərində qalamasıdır”.
Bu gün Cocuq Mərcanlıda hələlik bir tonqal qalanıb. Prezident İlham Əliyevin Sərəncamı ilə kənddəki evlər bərpa olunduqdan, məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra burada qalanan tonqalların sayı da artacaq. O gün isə elə də uzaqda deyil.