CƏMİYYƏT


Cocuq Mərcanlı kəndində 62 min kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 13 fevral, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun yaradılması barədə tapşırıq verilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən ilkin mərhələdə texniki tədqiqat işləri aparılaraq, təhlükəsizlik məqsədilə 4578 kvadratmetr perimetr xətti, kəndin içərisinə daxil olmaq üçün giriş yolları, yaşayış evləri və onların ətrafı, kommunikasiya xətlərinin keçəcəyi ərazilərdə təmizləmə əməliyyatları aparılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, hazırda agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində 280 hektar ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatına başlanılıb. Əməliyyatlara 90 nəfərlik işçi heyəti, 10 minaaxtaran it və 3 mexaniki minatəmizləmə maşını cəlb olunub.

Təmizləmə əməliyyatları başlanan tarixdən indiyədək 62 min 66 kvadratmetr ərazi (27 min 866 kvadratmetr əl ilə və 34,2 min kvadratmetr mexaniki üsulla), 11 ev təmizlənib və 5 partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) tapılaraq zərərsizləşdirilib. Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minanın mövcud olduğu aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.