SİYASƏT
Cocuq Mərcanlı sakini: Azərbaycan Prezidenti işğal altındakı torpaqlarımıza böyük qayıdışın ilk müjdəsini verdi
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığı Sərəncamla işğal altındakı torpaqlarımıza böyük qayıdışın ilk müjdəsini verdi.
N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllimi Əzizə Abbasova bununla bağlı sevincini AZƏRTAC ilə bölüşərkən belə deyib.
“Biz, Cəbrayıl rayon sakinləri və Cocuq Mərcanlı kənd tam orta məktəbinin pedaqoji kollektivi Vətənimizin müstəqilliyi, inkişafı və onun daim çiçəklənməsi üçün həmişə ön sıralarda olmuşuq. Dədə-baba torpaqlarımızdan ayrı düşsək də, kəndimizin orta məktəbinin fəaliyyətini davam etdirmiş, yetişməkdə olan gənc nəslin milli ruhda tərbiyə olunması üçün yorulmadan daim çalışmışıq. Hələ köçkün həyatı yaşadığımız ilk illərdə ümummilli liderimiz Heydər Əliyevin rayonumuzun sakinlərinə göstərdiyi qayğını, məcburi köçkünlərlə çoxsaylı görüşlərini, hətta bir ailənin toy mərasimində bizimlə rəqs etməsini çox gözəl xatırlayırıq”, - deyə Ə.Abbasova qeyd edib.
Dövlətimizin başçısının Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncamla bütün cəbrayıllılara böyük sevinc bəxş etdiyini bildirən Əzizə Abbasova deyib: “Biz inanırıq ki, doğma Qarabağımız və işğal altında olan digər bölgələrimiz də Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağından azad olunacaq”.