REGİONLAR
Cocuq Mərcanlı sakini: Daşı-daş üstə qoymayıblar, kəndin qəbiristanlığını da məhv ediblər
Cəbrayıl, 9 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Uğurlu aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunması biz məcburi köçkünləri çox sevindirdi. Doğma torpağın yerini heç nə əvəz etməz. Prezident İlham Əliyevin Sərəncamı ilə kəndimiz bərpa olunur. İndi biz tezliklə ata-baba yurdumuza qayıdacağımız günü gözləyirik.
Bu sözləri Cocuq Mərcanlıda AZƏRTAC-ın müxbirinə müsahibəsində kənd sakini, hazırda Biləsuvarda məskunlaşan Mətləb Həziyev deyib.
Qarabağ müharibəsi veteranı olan Mətləb Həziyev 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edildiyi uğurlu Horadiz əməliyyatında iştirak edib. O bildirib ki, Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, burada yaşamaq təhlükəli idi. Ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi.
Ermənilərin vəhşiliklərindən danışan keçmiş döyüşçü deyib: “Ermənilər tariximizi silmək istəyiblər. Görürsünüz, kəndi necə viran ediblər. Daşı-daş üstə qoymayıblar, kəndin qəbiristanlığını da məhv ediblər. Ancaq düşmən bilsin ki, məqsədinə çatmayacaq, onlara aid olmayan bütün torpaqlardan çıxarılacaqlar”.
M.Həziyevin ailəsi kənd işğal olunandan sonra əvvəlcə Sabirabadda çadır şəhərciyində, sonra isə Biləsuvarda köçkün qəsəbəsində məskunlaşıb. Deyir ki, hər bir məcburi köçkün kimi, cocuq mərcanlılıların da ən böyük istəyi doğma yurdlarına qayıtmaqdır.