CƏMİYYƏT
Cocuq Mərcanlıda 1050 qəlpə aşkar edilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri fevralın 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 10 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Ümumilikdə 1050 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 90 min 600 kvadratmetr ərazi (62 min 500 kvadratmetr ərazi əl ilə, 12 min 500 kvadratmetr mexaniki üsulla və 15 min 600 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, 21 gün ərzində Cocuq Mərcanlı kəndində 67 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Altı partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832”, 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843” və 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket “PQ-7VL”) və 1 piyada əleyhinə “OZM-72” minası aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 539 min 59 kvadratmetr ərazi (266 min 109 kvadratmetr əl ilə, 121 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 38 min 150 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Yanvarın 1-dən fevralın 24-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 71 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1962 partlamamış hərbi sursat, 34 tank əleyhinə və 3 piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 569 min 153 kvadratmetr ərazi (296 min 203 kvadratmetr əl ilə, 121 min 800 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 38 min 150 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.