CƏMİYYƏT
Cocuq Mərcanlıda gün ərzində üç evə baxış keçirilib, 1439 qəlpə, 1 raket aşkarlanıb VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində üç evə baxış keçiriblər. Baxış zamanı 1439 qəlpə, 1 “PQ-7VL” raketi aşkar edilib. Ümumilikdə 42 min 64 kvadratmetr ərazi (7 min 464 kvadratmetr əl ilə, 12 min 800 kvadratmetr mexaniki üsulla və 21 min 800 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, 32 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 131 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. On bir partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi), 3 piyada əleyhinə “OZM-72” və 28 tank əleyhinə mina (Dörd tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 915 min 870 kvadratmetr ərazi (411 min 828 kvadratmetr əl ilə, 231 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 160 min 42 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
ANAMA tərəfindən yanvarın 1-dən martın 6-dək cəmi 1974 partlamamış hərbi sursat, tank əleyhinə 66 mina və piyada əleyhinə beş mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 953 min 964 kvadratmetr ərazi (449 min 922 kvadratmetr əl ilə, 231 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 160 min 42 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.