RƏSMİ XRONİKA


Cocuq Mərcanlıda tikilmiş məscidlə tanışlıq

Cocuq Mərcanlı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfədir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev məsciddə yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinə Qurani-Kərim hədiyyə edildi.

Dövlətimizin başçısına məlumat verildi ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

Məscidlə tanışlıq zamanı xatirə şəkilləri çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin