REGİONLAR
Cocuq Mərcanlıya çəkilən avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilən yeni avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metrdir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrlik hissəsində isə bərpa işləri aparılır. Yeni yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edəcək.
Yolboyu 9 su keçidi tikiləcək, 2 aşırımlı bir körpü bərpa olunacaq. Tikinti işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən “Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub. Bu yol Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinə - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndlərinə gediş-gəlişi xeyli asanlaşdıracaq.