CƏMİYYƏT


Cocuq mərcanlıların 24 illik yurd həsrətinə son qoyulur

Doğma kənddə yeni evlərə sahib olan Cocuq Mərcanlı sakinlərinin burada salınmış qəsəbəyə köçürülməsinə başlanılıb

Bakı, 3 iyul, Ceyhun Rüstəmov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına əsasən tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb.

AZƏRTAC xəbər verir ki, iyulun 3-də Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirilib.

Dövlət Komitəsi sədrinin müavini, komissiyasının sədri Gəray Fərhadov çıxış edərək diqqətə çatdırıb ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə - 1994-cü ilin yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İnşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də başa çatdırıldı. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub, qəsəbədaxili yollara asfalt örtüyü çəkilib. Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də inşa olunub.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Bu barədə məlumat verən Gəray Fərhadov qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb: “Əgər indiyədək məcburi köçkünlər həmin qəsəbələrə müvəqqəti yaşamaq üçün köçürülürdülərsə, bu dəfə belə deyil. Yəni, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə həmin kəndin sakinləri orada daimi yaşamaq üçün köçürülürlər. İlk növbədə, 50 ailə doğma yurda qayıdacaq”.

İyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlıda açılış mərasimində iştirak edib. Sədr müavini bildirib ki, bundan bir gün sonra dövlətimizin başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.

“Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu insanlara xüsusi qayğı ilə yanaşırlar. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazırda yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməlinin qoyulması bu diqqət və qayğının bariz göstəricisidir”, - deyə G.Fərhadov vurğulayıb.

İclasda çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, kənd sakinləri Avçı Məmmədov, Gülxanım Həziyeva və başqaları onların Vətən həsrətinə son qoyduqları üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra püşkatma mərasimi keçirildi. Cocuq Mərcanlıdan olan 50 ailə üzvü növbə ilə püşk çəkərək, daimi ocaqlarının yeni ünvanlarına sahib oldular.

Komissiyanın sədri Gəray Fərhadov məlumat verdi ki, artıq köçürülmə ilə bağlı hazırlıq işləri başa çatdırılıb və proses sabahdan start götürür.

Püşkatma mərasimindən sonra təəssüratlarını AZƏRTAC-la bölüşən Cocuq Mərcanlı sakini İsmət Həziyev dedi: “Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var və biz ona güvənərək doğma yurda qayıdırıq. İnanırıq ki, Azərbaycan bayrağı tezliklə bütün Qarabağımızda dalğalanacaq. Mən müəlliməm. Bugünkü püşkatma ilə ata yurdumuzda yeni evimizə sahib olduq. İnşallah tezliklə, ailəmlə kəndimizə köçəcək, təsərrüfat quracaq, doğma məktəbimizdə uşaqlarımızın təhsili ilə məşğul olacağam”.

Digər kənd sakini İlkin Təbrizli isə gəncdir. O, indiyədək görmədiyi Cocuq Mərcanlıya qayıdışın həsrəti ilə yaşayır. “Hər bir insanın bir çox arzusu var. Mənim ən böyük arzum müəllim olub, doğma kəndimizin şagirdlərinə dərs demək idi. Müəllimlik diplomu almışam. Xoşbəxtəm ki, indi Cocuq Mərcanlıya gedib bu arzuma çatacam. Sağ olsun Prezidentimiz, doğma yurdumuzu yenidən qurdu, bizə qaytardı. Kəndimizdə yeni məktəb də tikilib. Böyük səbirsizliklə Cocuq Mərcanlıda dərs deyəcəyim günü gözləyirəm”, - deyə İlkin sevincini bizimlə bölüşdü.

Gülxanım Nəsirovanın üzündən də sevinc hissləri oxunurdu. O, 24 ildir həsrətini çəkdiyi ata-baba yurduna qayıdışın doğurduğu bu hissləri dilə gətirərək dedi: “Axır ki, uzun illərin Vətən həsrətinə son qoyulur. Doğma torpağa qayıtmaq mənim də ən böyük arzum idi. Allah Prezidentimizdən razı olsun, onun sayəsində bu arzuma çatdım. İnanıram ki, işğal altındakı bütün şəhər və kəndlərimiz də azad olunacaq, məcburi köçkünlər bizim kimi öz yurdlarına qayıdacaqlar. İnşallah, sizi də Cocuq Mərcanlıda gözləyəcəyik. Gəlin, doğma Qarabağımızda qonağımız olun!”

Vaxtilə azğın düşmənin yerlə-yeksan etdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə bərpa olunaraq ikinci həyatını yaşayır, doğma sakinləri öz ağuşuna alır. Bu qayıdış torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.