ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutu əməkdaşlarının yeni monoqrafiyaları çapdan çıxıb
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafıya İnstitutunun əməkdaşlarının “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” və “Arid dağ geosistemlərinin landşaft indikasiyası” monoqrafiyaları çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, coğrafiya üzrə fəlsəfə doktoru Qalib Rüstəmovun və elmi işçi Almaz Rüstəmovanın həmmüəlifləri olduqları “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri” monoqrafiya AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin redaktorluğu ilə ərsəyə gəlib. Kitabda Böyük Qafqazın cənub yamacındakı nival-subnival, dağ-çəmən, dağ-meşə, dağətəyi maili düzənlik landşaftlarının, eləcə də, təbii-texnogen geokimyəvi landşaft sistemlərinin ekoloji-geokimyəvi xüsusiyyətlərinin tədqiqi ilə bağlı məlumatlar yer alıb. Nəşrdə dağ geosistemlərindəki mövcud geokimyəvi şəraitin canlı orqanizmlərin, o cümlədən, insanların sağlamlığına təsiri araşdırılaraq tədqiq olunan ərazilərin ekoloji-geokimyəvi rayonlaşdırılması və ayrılmış ekogeokimyəvi landşaft rayonlarının səciyyəvi xüsusiyyətləri müfəssəl şərh edilir.
Coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalovanın müəllifi olduğu “Arid dağ geosistemlərinin landşaft indikasiyası” monoqrafiyada arid dağlıq ərazilərin kosmik şəkillərinin landşaft-indikasiya deşifrləmə metodikasına və Cənub-Şərqi Qafqazın cənub yamacı timsalında arid dağ geosistemlərinin kosmik şəkillərin deşifrləmə materiallarının tətbiqi ilə tədqiqi məsələləri yer alıb.
Nəşrdə əksini tapan bəzi məsələlər gələcəkdə daha məqbul deşifrləmə metodunun işlənib hazırlanması üçün müsbət rol oynaya bilər. Əsərdə həmçinin kosmik şəkillərin landşaft-indikasiya deşifrləmə materiallarının interpretasiyası əsasında orta miqyaslı landşaft xəritələşdirilməsinin bir sıra metodoloji məsələləri də təhlil olunur.