ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunda 2015-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına əsasən "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev müxtəlif səbəblərdən baş verə bilən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb. Rəhbər vəzifədə çalışan üzvlərin funksiyaları, o cümlədən xilasetmə və təxliyyə işlərinin həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, fövqəladə hallar komissiyasının sədri, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə mülki müdafiə planının reallığının, idarəetmə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, rəhbər heyətin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verib.