ELM VƏ TƏHSİL
Coğrafiyaşünas alimin biblioqrafiyası çapdan çıxıb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən mərhum coğrafiyaşünas alim, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin biblioqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda alimin elmi və elmi-təşkilati fəaliyyəti, elmi əsərlərinin xronoloji göstəricisi, tədris-metodiki əsərləri, mətbuatdakı publisistik və elmi-kütləvi çıxışları, ən mühüm elmi nəticələri, qrant işləri, monoqrafiyaları haqqında məlumatlar yer alıb. Azərbaycan, ingilis və rus dillərində “Avropa” nəşriyyatında çap olunmuş kitabın sonunda E.Əlizadənin həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoxronologiya verilib.
“Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər” adlı növbəti cild də ölkəmizdə coğrafiya elminin inkişafında böyük xidmətləri olan E.Əlizadənin xatirəsinə ithaf olunub. Cilddə dağlıq ərazilərdə geoloji-geomorfoloji tədqiqatların müasir istiqamətləri, landşaft planlaşdırılması, qlobal iqlim dəyişmələrinin təzahürləri, su resurslarından istifadə, ekoloji-coğrafi və sosial-iqtisadi problemlərin tədqiqinə dair dəyərli elmi məqalələr toplanıb.
Əsər elmi işçilər, müəllimlər, doktorantlar, magistr və bakalavrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Hər iki kitaba akademik Ramiz Məmmədov redaktorluq edib.