ELM VƏ TƏHSİL
Community.az portalı online müsabiqələrin qaliblərini mükafatlandırıb
Bakı, 25 may, AZƏRTAC
Məktəb icmaları üçün “Kitab Kvest-i” və “Mənim vətənim-Azərbaycan” müsabiqələrinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə mayın 25-də Bakı şəhərindəki 18 nömrəli tam orta məktəbdə qaliblərin mükafatlandırılması mərasimi olub.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəb icmalarının fəaliyyətini stimullaşdırmaq, icma üzvlərini həvəsləndirmək, müəllim, şagird və valideynlərə icma yaratmağı təşviq etməkdir.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri, KİV-lərin nümayəndələri iştirak ediblər.
Community.az portalı tərəfindən təşkil edilən “Kitab Kvest-i” müsabiqəsinin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan marağını artırmaqdır. “Mənim vətənim–Azərbaycan” müsabiqəsi isə iştirakçılara özlərini əsl foto həvəskarı kimi göstərməyə imkan yaradıb.
Tədbirdə bildirilib ki, müsabiqələrə community.az portalında qeydiyyatdan keçən 500-dən çox şagird, onların valideynləri və müəllimləri qoşulub.
“Kitab Kvest-i” müsabiqəsinin qalibləri Bakı şəhəri 169 nömrəli tam orta məktəbin müəllimi Albina Əbubəkirova, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin müəllimi Eleonora Kairova və Bakı şəhəri 158 nömrəli tam orta məktəbin məktəb icmasının üzvü Nailə Buxlova olublar.
“Mənim vətənim-Azərbaycan” müsabiqəsinin qalibi adına isə Bakıdakı 46 nömrəli tam orta məktəbin müəllimi Güllü Əhmədova layiq görülüb.
Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqəyə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC və “Allianz Consult” şirkətləri tərəfindən dəstək verilib.