DÜNYA
Corc Soros: üçüncü Dünya müharibəsinə ABŞ-la Çin arasında münaqişə səbəb ola bilər
Bakı, 21 may, AZƏRTAC
Amerikalı milyarder və investor Corc Soros üçüncü Dünya müharibəsində hansı dövlətlərin iştirak edə biləcəyini söyləyib.
AZƏRTAC Marketwatch.com saytına istinadla xəbər verir ki, Corc Sorosun fikrincə, müharibəyə ABŞ-la Çin arasında münaqişə səbəb ola bilər. Milyarderin sözlərinə görə, əgər Çin Xalq Respublikası öz iqtisadiyyatını ixrac üçün deyil, daxili ehtiyaclara yönəltsə, belə ssenari tamamilə mümkündür. Bu halda Çin rəhbərliyinə öz hakimiyyətini qorumaq üçün mütləq xarici münaqişə lazım gələcək.
“Əgər Çinlə Birləşmiş Ştatların hərbi müttəfiqi olan Yaponiya kimi hər hansı bir ölkə arasında toqquşma baş verərsə, çox güman ki, biz üçüncü Dünya müharibəsinin başlanmasına şahid olacağıq”, - deyə Corc Soros qeyd edib. Onun ehtimallarına görə, bu halda Rusiya Çinin əsas siyasi və hərbi müttəfiqi qismində çıxış edəcək.