MƏDƏNİYYƏT
Corc Vaşinqton Universitetində “Muğamın sehri: Azərbaycanın əsrarəngiz musiqisi” mövzusunda təqdimat olmuşdur VİDEO
Vaşinqton, 18 aprel (AZƏRTAC). Aprelin 17-də Corc Vaşinqton Universitetində Amerikanın muğam üzrə məşhur mütəxəssisi Cefri Verbokun “Muğamın sehri: Azərbaycanın əsrarəngiz musiqisi” mövzusunda təqdimatı olmuşdur.
Tələbə auditoriyası qarşısında çıxış edən musiqiçi Azərbaycan muğamının tədqiqatı ilə bağlı qırx illik təcrübəsindən danışmışdır. O, musiqinin digər məşhur janrları ilə müqayisədə muğamın incəliklərini diqqətə çatdırmış və onun qeyri-adiliyini vurğulamışdır. C.Verbok izah etmişdir ki, muğamın ifası zamanı ifaçı və auditoriya mental cəhətdən qovuşur və xoş ovqat yaranır. Azərbaycan muğamının eksperti bu janrın sosial-ənənəvi xüsusiyyətlərini də qeyd etmişdir. Azərbaycan muğamının kökləri və Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qarabağ bölgəsi haqqında danışan C.Verbok demişdir: “Azərbaycanlılar üçün muğamın həm də vətənpərvərlik əhəmiyyəti vardır”. O, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhəri haqqında məlumat vermişdir.
Sonda musiqiçi bildirmişdir ki, tezliklə onun muğam barəsində fİlmi hazır olacaq və ABŞ-ın bir çox şəhərlərində həmin filmin premyerası keçiriləcəkdir.
Xatırladaq ki, Cefri Verbok hələ 1971-ci ildən Azərbaycan musiqisinə vurulmuş və bütün ömrünü Azərbaycan muğamının xaricdə təbliğinə həsr etmiş nadir ABŞ musiqiçilərindəndir. O, ABŞ-ın və İsrailin muzeylərində, kolleclərində, universitetlərində və ictimai mərkəzlərində yüzlərlə konsert və mühazirə təşkil etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton