İDMAN
Covani Malaqo: “Bakı-2015” idmançılar üçün yeni və faydalı bir təcrübə oldu
Roma, 30 iyun, AZƏRTAC
İtaliyanın bir sıra aparıcı xəbər agentlikləri “Bakı-2015” ilk Avropa Oyunlarının uğurla başa çatması ilə bağlı məqalələr dərc edir. Keçirilmiş yarışlardan, qazanılmış medallardan, möhtəşəm bağlanış mərasimindən bəhs olunan məqalələrdə İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covani Malaqonun fikirləri yer alıb. O bildirib ki, yarışlarda İtaliyanı təmsil edən komanda uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, bu ölkə 10 qızıl, 26 gümüş, 11 bürünc medal qazanaraq medalların sayına görə altıncı yerdə qərarlaşıb.
Covani Malaqo deyib: “Yarışların nəticələrindən çox məmnunam. “Bakı-2015” idmançılarımız üçün yeni və faydalı bir təcrübə oldu. Komandamız gözləntiləri doğrultdu. Bu Oyunlar vasitəsilə idmanın güclü bir qüvvəyə çevrildiyini bir daha gördük. “Bakı-2015” vasitəsilə növbəti gərgin turnirlərin öhdəsindən gəlmək üçün güc toplamış olduq. Gələcək Olimpiya Oyunlarında uğur qazanmaq üçün “Bakı-2015” önəmli addım idi. Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək idmançılara Olimpiya təcrübəsi yaşatdı”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma