MƏDƏNİYYƏT
Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycanın Xalq Artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub.
Cövdət Hacıyevin ecazkar musiqisi dünyanın hər yerində sənət xiridarlarının qəlbini fəth etməkdə davam edir. Avropadan və Şimali Amerika qitəsindən bizə bəstəkarın 100 illiyinin qeyd edilməsinə dair iftixar hissi doğuran çoxsaylı xəbərlər daxil olur.
Cövdət Hacıyevin yubileyinə həsr edilən konsert tədbirlərinin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fondu Azərbaycan musiqisini təbliğ etmək məqsədi və görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyi ilə əlaqədar beynəlxalq müsabiqələrin keçirilməsinə hərtərəfli kömək və lazımi dəstək göstərib. Bəstəkarın əsərləri Fransa və İsveçrədə keçirilmiş müsabiqələrin əsas proqramına salınıb və müsabiqə iştirakçılarının hamısı - 278 pianoçu tərəfindən ifa edilib.
Azərbaycan musiqisinin incilərindən birini – Cövdət Hacıyevin fortepiano üçün balladasını ifa edən Aleksandr Kadmiel (Rumıniya) Fransa və İsveçrədə keçirilmiş Adilə Əliyeva adına Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin xüsusi mükafatını – gənc istedadlar kateqoriyasında birinci mükafatı əldə edib. Azərbaycanı ləyaqətlə təmsil edən Cavid Yusifzadə “Finalçı diplomu”na və Parisdə ödənişsiz təhsil üçün gənc təqaüdçülər kateqoriyasında xüsusi mükafata layiq görülüb.
Müsabiqənin final konserti BMT-nin Cenevrə bölməsində Millətlər Sarayında keçirib. Tədbirdə diplomatlar da iştirak ediblər.
Cövdət Hacıyevin 100 illiyi ilə əlaqədar növbəti mühüm tədbirlər Avstriya və Almaniyada keçiriləcək. Bəstəkarın qızı, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Azərbaycan musiqisinin xaricdə fəal təbliğatçısı Pərvin Muradova-Dilbazinin verdiyi məlumata görə, tədbir sentyabrın 25-də Avstriyada Vyana konservatoriyasında keçiriləcək. Beləliklə, Vyana Konservatoriyası da görkəmli bəstəkarımızın 100 illiyinə həsr edilən tədbirlərə qoşulur. Təşkilatçılar bu mühüm yaradıcılıq tədbirini Cövdət Hacıyevin müəlliminə - şagirdinin timsalında özünün sənət varisini görmüş dahi bəstəkar Dmitri Şostakoviçə həsr edəcəklər. Sənətşünaslıq doktoru, Avstriyada yaşayan həmvətənimiz, “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” adlı məşhur kitabın müəllifi Fərəh Tahirova bu gecənin təqdimatını edəcək.
Qeyd edək ki, Cövdət Hacıyevin Londonda nüfuzlu musiqi nəşriyyatı tərəfindən çap edilmiş fortepiano əsərləri Vyanada, “Feuerich”, habelə ABŞ-ın İndiana ştatında “Carmel Klavier” beynəlxalq müsabiqələrində uğurla ifa olunub.