İQTİSADİYYAT


“Cross Border Club” şirkətinin təşkil etdiyi beynəlxalq seminarda Azərbaycanın uğurlarından danışılıb

Tokio, 4 iyul, AZƏRTAC 

İyulun 1-dən 3-dək Yaponiyanın şimalında yerləşən Hokkaido adasının Şari şəhərində “Cross Border Club” şirkətinin şəhər meriyası ilə birlikdə təşkil etdiyi beynəlxalq seminarda Azərbaycanın uğurlarından bəhs olunub. Şirkətin təsis edilməsinin 4-cü ildönümü ilə əlaqədar keçirilən tədbirə Yaponiyanın müxtəlif regionlarından iş adamları, eyni zamanda Səudiyyə Ərəbistanı, ABŞ, Çin, Honkonq, Banqladeş və Sudandan gəlmiş biznesmenlər də qatılıblar.

Tədbirdə Yaponiya və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın hazırki vəziyyəti, gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihələr barədə də geniş məlumat verilib.

“Cross Border Club” şirkətinin meneceri Kazuyasu İşida rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən 4 il ərzində dünyanın müxtəlif ölkələrinə baş tutmuş turlar çərçivəsində biznes əlaqələri qurulub, qarşılıqlı ticari-iqtisadi əməkdaşlıq genişlənib. Şirkətin təşkilatçılığı ilə ötən dövrdə 400-dən artıq yapon iş adamının Azərbaycana səfər etdiyini vurğulayan K.İşida bildirib ki, məhz bunun nəticəsində iki ölkənin şirkətləri arasında biznes sövdələşmələrinin sayı artıb. Eyni zamanda, Yaponiyada Azərbaycan məhsullarına yaranan maraq bu ölkənin yüksək keyfiyyətli məhsullarının yapon bazarına daxil olmasına şərait yaradıb.

Oktyabrda Bakı Biznes Mərkəzində “Yaponiya qida məhsulları sərgisi”nin təşkil ediləcəyini xatırladan K.İşida həmin sərgidə Yaponiyadan 60 şirkətin iştirakının planlaşdırıldığını deyib. Qeyd edib ki, 2014-cü ilin noyabrında Bakıda ilk dəfə təşkil olunan Yaponiya məhsulları sərgisi paytaxt sakinləri ilə yanaşı, yerli iş adamları tərəfindən də böyük maraqla qarşılanıb.

Yaponiya milli mətbəxinin UNESCO-nun məhz Bakı toplantısı zamanı Dünya Mədəni İrsi Siyahısına daxil edildiyini xatırladan K.İşida bunu nəzərə alaraq növbəti sərginin yapon qida məhsullarına həsr olunması barədə qərar qəbul edildiyini deyib.

Tədbirdə Azərbaycanı təmsil edən həmyerlimiz, Hokkaydo universitetinin doktorantı Əlibəy Məmmədov ölkəmiz haqda ümumi məlumat verib, biznes potensialı və bu işdə yapon iş adamları ilə qarşılıqlı əməkdaşlıqdan danışıb. Yaponiyada Azərbaycan məhsullarına böyük maraq olduğunu qeyd edən həmyerlimiz hazırda bu ölkəyə bal, şərab, nar şirələri, biyan kökü və turşusunun ixrac edildiyini deyib. Azərbaycanda qida emalı sənayesinin, kənd təsərrüfatı və turizmin böyük potensiala malik olduğunu bildirən Ə.Məmmədov yaponiyalı iş adamlarını bu sahələrə investisiyalar yatırmağa dəvət edib.

Seminarda çıxış edən Şari şəhərinin meri Takahaşi Baba rəhbərlik etdiyi şəhərlə Azərbaycanın regionları arasında mədəni və iqtisadi əlaqələrin qurulmasında maraqlı olduqlarını, eyni zamanda bu əlaqələrin iki ölkənin regionlarının inkişafına töhfələr verə biləcəyini deyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.