İQTİSADİYYAT
“Cross Caspian Oil & Gas Logistics” LLC IV Beynəlxalq “Caspian Energy Forum Astana–2015”in qızıl sponsoru olub
Bakı, 6 iyul, AZƏRTAC
“Cross Caspian Oil & Gas Logistics” LLC noyabrın 4-də Astanada keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum Astana–2015”in (www.caspianenergyforum.com) qızıl sponsoru qismində çıxış edib.
“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyevin verdiyi məlumata görə, rəsmi qala-qəbul çərçivəsində “Caspian Energy Award Astana–2015” mükafatının Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təqdim edilməsi mərasimi keçiriləcək.
Dördüncü Beynəlxalq “Caspian Energy Forum Astana–2015”in açılış mərasimində Qazaxıstanın Baş naziri Kərim Məsimov iştirak edəcək.
Telman Əliyev bildirib ki, tədbirdə dünyanın 18 ölkəsindən 300-dən artıq nümayəndənin iştirakı IV Beynəlxalq “Caspian Energy Forum Astana–2015”in yüksək statusunu və aktuallığını bir daha təsdiq edir.
Forumun təşkilatçısı “Caspian Energy International Media Group”dur.
“Biz 2014-cü il noyabrın 14-də Tbilisidə keçirilmiş II Beynəlxalq “Caspian Energy Forum–2014”ün və 2015-ci il martın 11-də Bakıda keçirilmiş III Beynəlxalq “Caspian Energy Forum–2015”in qızıl sponsoru olmuşuq. Hər iki forum yüksək səviyyədə keçib. Tbilisidə və Bakıda təşkil olunmuş forumlarda iştirak etmək bizim üçün çox maraqlı oldu. Dördüncü Beynəlxalq “Caspian Energy Forum Astana–2015”dən də oxşar gözləntilərimiz var. Biz Xəzər-Qara dəniz regionu üçün mühüm olan tədbirin qızıl sponsoru qismində çıxış etməkdən məmnunluq duyuruq”, - deyə “Cross Caspian Oil and Gas Logistics” LLC-nin baş direktoru Dmitri Solovyev qeyd edib.
Tədbirdə nazirlər, enerji və iqtisadi sahəni təmsil edən dövlət komitə və agentliklərinin rəhbərləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, həmçinin beynəlxalq Avropa maliyyə strukturlarının, neft-qaz biznesinin, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iri beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektlərinin müzakirə edilməsi planlaşdırılır. Qazaxıstanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, Xəzərin resurs potensialı məruzəçilərin, nümayəndə heyətlərinin və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
“Caspian Energy Forum Astana–2015”in ikinci hissəsi qeyri-neft sektorunun inkişafına həsr olunacaq. Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, sənaye, tikinti və digər qeyr-neft sektoru sistemlərinə innovasiyaların gətirilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq. Həmçinin iştirakçıların ünsiyyət qurmaları üçün işgüzar naharın təşkil olunması nəzərdə tutulub.