REGİONLAR


“Cücələrim” - Azərbaycanı məşhur aktyor Çarli Çaplinə sevdirən musiqi VİDEO

A+ A

Gəncə, 28 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Çarli Çaplin: Məndən o bəxtəvər bəstəkara salam yetirin

Ötən əsrin 50-ci illərində Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Ölkəmizin kino işçiləri həmin tədbirdə iştirak edən dünya kinosunun məşhur ulduzu Çarli Çaplinlə də görüşürlər. Çaplin qonaqların haradan gəlmələri ilə maraqlanır. Azərbaycan və Bakı adını eşidərkən dərhal pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”.

Azərbaycanın böyük bəstəkarı Qəmbər Hüseynlinin musiqisindən, şair Tofiq Mütəllibovun sözlərindən yaranan şən, oynaq və möcüzəli “Cücələrim” artıq 70 ildir ki, bəxtəvər sənət ömrü yaşayır.

Qitələri, ölkələri gəzib-dolaşan “Cücələrim”

“Cücələrim” mahnı janrında bəstələnən yeganə uşaq musiqisidir ki, yarandığı gündən bu vaxta qədər bütün qitələri gəzib, ölkələri dolaşıb və Azərbaycanın şöhrətini dünyaya yayıb. Mahnı yarandıqdan az sonra hətta qapalı Sovet İttifaqının hüdudlarını aşaraq əcnəbi məmləkətlərə qədər gedib çata bilib. Postsovet respublikalarından savayı ingilis, fransız, alman, italyan, ispan, portuqal, çex, ərəb, yapon, çin dillərində ifa olunan “Cücələrim”, həmçinin yüzdən çox xalqın dilinə tərcümə edilib. Dünya uşaq musiqi ədəbiyyatının ən fəxri pillələrinə ucalan “Cücələrim” Azərbaycanın vizit vərəqəsinə çevrilib.

Əminliklə demək olar ki, coğrafi baxımdan ölkəmizin yerləşdiyi məkanı tanımayan insanlara Azərbaycanı məhz “Cücələrim” tanıdıb. Uşaqlar üçün yazılsa da mahnının dili sadə, ritmi oynaq, melodiyası isə ürəyəyatan olduğuna görə “Cücələrim” hər bir insanın dilində bu gün də əzbərdir.

Dillər əzbəri olan uşaq mahnısının tarixçəsi

Mahnının istər yaranma tarixçəsi, istərsə də sonrakı taleyi ilə bağlı olduqca maraqlı faktlar var. “Cücələrim” mahnısının yaranması 1947-ci ilə bəstəkar Qəmbər Hüseynlinin Gəncə filarmoniyasında bədii rəhbər işlədiyi vaxtlara təsadüf edir. “Cücələrim” Gəncə şəhəri 20 saylı orta məktəb şagirdlərinin xor kollektivinin Bakı şəhərində keçirilən məktəblilərin olimpiadasında ifa etmələri üçün yazılıb və elə ilk ifadan da bəstəkara böyük uğur qazandırıb.

Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivində çalışan bəstəkar yay günlərinin birində həmin musiqini nota köçürərək şagirdlərinə öyrətməyə başlayıb. Elə “Cücələrim” mahnısının ilk ifaçısı da o zaman kollektivin üzvü, Qəmbər Hüseynlinin rəhbərlik etdiyi “Sazçı qızlar” ansamblının solisti Səmayə Mirzəyeva olub.

1948-ci ilin yazında şəhər pionerlər evində uşaq bədii özfəaliyyət kollektivlərinin respublika olimpiadasına ciddi hazırlıqlara başlanılıb. O vaxt Səmayə Mirzəyeva pionerlər evində xorun, həyat yoldaşı teatr və kino aktyoru, rəqqas Zülfüqar Baratzadə (sonradan Azərbaycan SSR-in Xalq Artisti adına layiq görülüb) isə rəqs qrupunun rəhbəri olaraq Gəncə məktəblilərinin Bakıda çıxış etməsi üçün “Cücələrim” mahnısını da öz proqramlarına daxil ediblər. Bu dəfə “Cücələrim”in ifası mahnı-rəqs şəklində düşünülüb. Gərgin məşqlərdən sonra Səmayə Mirzəyevanın xor kollektivinin Zülfüqar Baratzadənin rəqs qrupu ilə ilhamlı yaradıcılıq işi sayəsində “Cücələrim” özünün maraqlı ifa təfsirini tapıb və tezliklə böyük şöhrət qazanıb.

SSRİ himni əvəzinə “Cücələrim” melodiyası

Mahnının sonrakı ifaçıları isə kiçik yaşlı Arif Qazıyev (hazırda Azərbaycanın Əməkdar İncəsənət Xadimidir) və Münəvvər Seyfullayev olublar. Az keçmədən “Cücələrim” mahnısı bir çox dövlətlərdə musiqi tədrislərində istifadə edilməyə başlanılıb.

1955-ci ildə İsveçrəyə gedən Sovet İttifaqının nümayəndə heyətini Sürix təyyarə meydanında “Cücələrim”in melodiyası ilə qarşılayıblar. Elə o illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndə heyətinin qarşılanma mərasimində SSRİ himni əvəzinə səhvən “Cücələrim” melodiyası ifa edilib.

Mahnının yaddaqalan ifaçılarından biri də Suğra Bağırzadə (hazırda Azərbaycanın Əməkdar Artistidir) olub. Ötən əsrin 60-cı illərində dünyanın ən məşhur uşaq səslərindən ibarət vala “Cücələrim” mahnısı məhz onun ifasında daxil edilib.

Daha bir maraqlı məqam: 1968-ci ildə Hindistanda qastrol səfərində olan müğənni Elmira Rəhimovanı stadionda 30 min tamaşaçı eyni anda xorla məhz “Cücələrim” mahnısı ilə qarşılayıb.

“Cücələrim”ə Bakı Məktəblilər Sarayının gənc ifaçıları da böyük qol-qanad veriblər. Bu işdə Azərbaycanın dünya şöhrətli müğənnisi Zeynəb Xanlarovanın xüsusi xidmətləri var. Burada yaradılmış “Cücələrim” ansamblı hər qastrol səfərində öz çıxışlarını məhz bu mahnı ilə başlayıb. 1969-cu ildə Sovet İttifaqında ekranlara çıxan məşhur “Nu poqadi” çoxseriyalı cizgi filminin bölümlərindən birində “Cücələrim”in Azərbaycan dilində olan variantından istifadə edilərək səsləndirilməsi bu mahnının SSRİ-də nə qədər populyar olduğunu bir daha göstərmiş oldu.

Adına muzey yaradılan yeganə uşaq mahnısı

Ümumiyyətlə, “Cücələrim” mahnısı ifa olunduğu ilk gündən bu vaxta qədər demək olar ki, istər Azərbaycanın, istərsə də dünyanın ən məşhur müğənnilərinin, instrumental-virtuoz ifaçıların, musiqi kollektivlərinin, müxtəlif ansamblların repertuarında yer alıb. Hər ifaçı mahnını tamaşaçılara fərqli aranjemanda və improvizələrdə təqdim edib, hər dəfə də “Cücələrim” tamaşaçılar tərəfindən böyük rəğbət və sevgi ilə qarşılanıb. Azərbaycanın böyük kaman ustadı Habil Əliyev də repertuarında “Cücələrim”ə müraciət edib və bu iş də yaradıcılıq baxımından olduqca uğurlu alınıb. Nəhayət, dünyanı dilə gətirən xoşbəxt taleli “Cücələrim” üçün 1979-cu il sentyabrın 14-də Gəncə şəhərində ayrıca muzey yaradılıb. Bununla da “Cücələrim” adına muzey yaradılan yeganə uşaq mahnısı kimi tarixə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.