REGİONLAR
Cüdo üzrə Naxçıvan şəhər birinciliyində 50 idmançı mübarizə aparıb
Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı uşaqlar arasında keçirilən cüdo üzrə Naxçıvan şəhər birinciliyində 9 çəki dərəcəsində 50 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında təşkil olunan yarışı keçirməkdə məqsəd idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdir.
Güləş Federasiyasının sədr müavin Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib.
Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq olaraq 20, 23, 26, 29, 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.