REGİONLAR
Cüdo üzrə şimal-şərq bölgəsi yarışının qalibləri müəyyənləşib
Qusar, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Olimpiya İdman Kompleksində cüdo üzrə şimal-şərq bölgəsi yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında iki gün davam edən region birinciliyində oğlanlar 10, qızlar isə 2 çəki dərəcəsində mübarizə aparıblar. Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə keçirilən turnirdə Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Siyəzəni təmsil edən 173 cüdoçu iki yaş qrupu üzrə qüvvəsini sınayıb.
Aşağı yaş qrupunda Qusar cüdoçuları komanda hesabında birinci olublar. Şabran və Xaçmaz idmançıları isə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşdürüblər.
Yuxarı yaş qrupundakı yeniyetmələr arasında isə Siyəzən cüdoçuları komanda hesabında ilk pilləyə yüksəliblər. Şabran komandası ikinciliyə, Xaçmaz cüdoçuları isə üçüncülüyə yiyələniblər.
Birincilikdə qalib adına layiq görülən cüdoçular federasiyanın medal və diplomları ilə təltif olunublar.