İDMAN


Cüdoçu Rüstəm Orucov Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırıb VİDEO

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.

Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

AZƏRTAC-ın arayışı:

İyirmi beş yaşlı Rüstəm Orucov bu il Kazanda keçirilən Avropa çempionatının şəxsi yarışlarında birinci yeri tutub. O, həmin çempionatda komanda yarışında bürünc mükafatla kifayətlənməli olub. İdmançımız 2011-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı və Avropa Kubokunda ikinci yerin sahibi olub. Cüdoçumuz həmin il Azərbaycanı Şenzen şəhərində keçirilən beynəlxalq yay universiadasında, 2012-ci ildə isə London Yay Olimpiya Oyunlarında təmsil edib. 2012-ci il Bakıdakı Qran-pridə qızıl, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri turnirində gümüş medal qazanan R.Orucov ötən il Tbilisidə keçirilən Qran-pridə birinci yeri tutub. İdmançımız bu il Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində bürünc, Almaniyada təşkil olunan Qran-pri turnirində isə gümüş medal qazanıb.

R.Orucov Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında ikinci yerdə qərarlaşıb. O, Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.