İDMAN
Cüdoçularımız Monqolustan Qran-prisini 1 qızıl və 3 bürünc medalla başa vurublar VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.
Turnirdə 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev mübarizəyə dörddəbir finaldan qoşulub. O, bu mərhələdə tatami sahibi Xanqal Odbaatara qalib gəlib. Z.Kotsoyev yarımfinalda daha bir Monqolustan təmsilçisi - Ambaselmaa Bayarsaikhan üzərində qələbə qazanıb. Cüdoçumuzun həlledici görüşdə də rəqibi ev sahibi idmançı olub. Zelim Kotsoyev final qarşılaşmasında İşdorj Daşdulama qalib gələrək qızıl medala sahib olub.
Digər çüdoçumuz Firudin Dadaşov (90 kq) ilk qarşılaşmasında Çin idmançısı Rigede Buya uduzub. O, təsəlliverici görüşdə rusiyalı Evgenii İvanova qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə tatami sahibi Tsetsentsengel Odkhuu üzərində inamlı qələbə qazanaraq ölkəmizə üçüncü bürünc medalı qazandırıb.
Bununla da, Azərbaycan millisi Ulan-Bator Qran-prisini bir qızıl və üç bürünc medalla başa vurub. Ölkəmizə qızıl medalı Zelim Kotsoyev (100 kq), bürünc medalları isə Davud Məmmədsoy (60 kq), Fəqan Quluzadə (73 kq) və Firudin Dadaşov (90 kq) qazandırıb.
Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunub.