İDMAN


Cüdoçularımızın beynəlxalq turnirdə çıxışı yüksək qiymətləndirilib VİDEO

A+ A

Bakı,3 noyabr, Elşad Qəzvini, AZƏRTAC 

Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilmiş “Böyük Dəbilqə” beynəlxalq turnirində uğurla çıxış ediblər. Milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq olaraq bir dəst - qızıl, gümüş və bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qazanılan bu nailiyyətlə bağlı noyabrın 3-də Gənclər və İdman Nazirliyində mətbuat konfransı təşkil olunub.

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenadakı uğurlu çıxışından və ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. Həmçinin respublikamızda digər idman növləri kimi, cüdonun da inkişaf etdiyini diqqətə çatdıran nazir müavini deyib ki, beynəlxalq turnirdə qızıl, gümüş və bürünc medal qazanılması yüksək nailiyyətdir. İ.İsmayılov bu münasibətlə məşqçi və idmançıları təbrik edib.

Cüdonun Azərbaycanda populyar idman növü olduğunu vurğulayan nazirlik rəsmisi Avropa və dünya çempionatları, eləcə də Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətləri xatırladıb. O, cüdoçuların “Rio-2016”da iki gümüş medal əldə etməsini ölkədə idmana, eləcə də cüdoya göstərilən qayğının real təzahürü kimi dəyərləndirib.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının baş katibi Elman Babanlı turnirin gedişi və gələcək planlar haqqında danışıb. Baş katib “Böyük Dəbilqə”yə 12 cüdoçu ilə qatıldıqlarını, yarışda 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığını diqqətə çatdıraraq deyib: “Komandanın kapitanı Elxan Məmmədov yığma komandaya və cüdoya qayıdışını qızıl medalla qeyd etdi. Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov finalda xal hesabında irəlidə olsa da, texniki səhv ucbatından uduzdu. Gənc Tural Səfquliyev bürünc medalı qazana bildi. Bu nəticə ilə Azərbaycan ümumi sıralamada dördüncü, kişi cüdoçular arasında isə birinci yeri tutub”.

E.Babanlı məlumat verib ki, milli komanda ilin sonunadək daha bir neçə yarışda - noyabrın 18-də Çinin Çindao şəhərində təşkil ediləcək “Qran-pri” turnirində, dekabrda isə Tokioda keçiriləcək “Böyük Dəbilqə” yarışlarında iştirak edəcək. Hakimlər və məşqçilər üzrə seminar və “Böyük Dəbilqə” gələn il martın 10-dan 12-dək Bakıda təşkil olunacaq. Federasiya rəsmisi Beynəlxalq Cüdo Federasiyasının 2018-ci il dünya çempionatını paytaxtımızda keçiriləcəyini də diqqətə çatdırıb.

“Böyük Dəbilqə” turnirində qızıl medal qazanmış Elxan Məmmədov yarış təəssüratlarını bölüşüb. Ağır çəkidə (100 kq) ölkəmizi təmsil edən idmançımız qazanılan nailiyyətdə məşqçilər heyəti, xüsusilə yığma komandanın baş məşqçisi Peter Zayzenbaxerin və Azərbaycan Cüdo Federasiyasının böyük rolunu qeyd edib. “Mən 22 yaşımdan cüdo ilə məşğul olmağa başlamışam. Əslində nə yeniyetmələr, nə də gənclər sırasında çıxış etmişəm. Zayzenbaxerin gəlişi ilə karyeramda böyük uğurlar başladı. Azərbaycan tarixində ilk dəfə cüdo üzrə dünya çempionu oldum. Bu uğuru davam etdirmək və daha yüksək nailiyyət qazanmaq niyyətindəyəm”, - deyə E.Məmmədov vurğulayıb.

Sonda jurnalistlərin suallarını cavablandıran mükafatçılar “Böyük Dəbilqə”nin gərgin idman mübarizəsi şəraitində keçdiyini və qarşıdakı yarışlara ciddi hazırlaşdıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.