İDMAN
Cüdoçumuz Elmar Qasımov “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb [YENİLƏNİB]
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan cüdoçusu Elmar Qasımov finalda çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Bu Azərbaycan yığma komandasının “Rio-2016”da ikinci gümüş medalıdır.
X X X
Bakı, 11 avqust, AZƏRTAC
23:36
Elmar Qasımovun final görüşündəki rəqibi müəyyənləşib. Həlledici görüşdə cüdoçumuzun rəqibi çexiyalı Lukas Krpaleki olacaq.
23:21
Elmar Qasımov ukraynalı rəqibi Artem Bloşenko ilə görüşdən qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib. E.Qasımov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
20:01
Elmar Qasımovun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. E.Qasımov bu mərhələdə Ukrayna idmançısı Artem Bloşenko ilə görüşəcək. E.Qasımov növbəti görüşünü saat 23:15-də keçirəcək.
19:34
“World Masters” turnirinin qalibi Elmar Qasımov dörddəbir finalda Misir təmsilçisi Ramadan Dərvişi ippon fəndi ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Azərbaycan idmançısı yarımfinal mərhələsində Artem Bloşenko (Ukrayna) - Karl-Riçard Frey (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
19:17
Cüdoçumuzun dörddəbir finaldakı rəqibi Misir təmsilçisi Ramadan Dərviş olacaq. R.Dərviş 2016-cı ildə keçirilən böyüklər arasında cüdo üzrə Afrika çempionatının qalibidir.
19:07
Elmar Qasımov növbəti qələbəsini qazanıb. O, səkkizdəbir final mərhələsində Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gələrək dörddəbir finala adlayıb.
Təmsilçimiz dörddəbir finalda Ramadan Dərviş (Misir) – Xose Armenteros (Kuba) görüşünün qalibi ilə tatami üzərinə çıxacaq.
17:34
Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. Tbilisi Qran-pri yarışının qalibi Elmar Qasımov səkkizdəbir finalda Lyes Bouyakoub (Əlcəzair) ilə qarşılaşacaq.
17:22
Bakı, 11 avqust, AZƏRTAC
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib.
Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırmışdı.