İDMAN


Cüdoçumuz Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb VİDEO

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan cüdoçusu Elmar Qasımov “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib.

Rio Olimpiadasında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də Azərbaycana gümüş medal qazandırmışdı.

AZƏRTAC-ın arayışı:

İyirmi beş yaşlı Elmar Qasımov karyerası ərzində, ümumilikdə, 15-dən çox medala sahib olub. O, 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. 2014-cü ildə Fransada keçirilən Avropa çempionatında ikinci yeri tutan cüdoçumuz həmin il Rusiyada “Böyük dəbilqə” yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız ötən il Samsunda və Tbilisidə təşkil edilən beynəlxalq Qran-pri turnirlərinin, eləcə də Mərakeşdə və Meksikada usta idmançılar arasında keçirilən yarışların qalibi olub. Cari ildə qatıldığı turnirlərin əksəriyyətində mükafatçılar sırasına düşməyi bacaran E.Qasımov Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb. Cüdoçumuz həmin reytinq cədvəlində 100 kiloqramadək çəki dərəcəsində ilk sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.