REGİONLAR
Culfa rayonunun Xanəgah kəndi yaxınlığında qaya təsvirləri aşkar olunub
Culfa, 13 oktyabr, AZƏRTAC
Culfa rayonunun Xanəgah kəndi yaxınlığında (Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya təsvirləri qeydə alınıb. Bu təsvirlər haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalar nəticəsində qaya üzərindəki təsvirin ayrılıqda çəkilmiş üç rəsmdən ibarət olduğu aydınlaşıb. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər əsasən insanı və həyat ağacını simvolizə edir. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada, həyatı, həyat ağacını simvolizə edir.
Mütəxəssisin fikrincə, qaya parçasının üzərindəki iki təsviri e.ə. II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə aid etmək olar.