REGİONLAR


Culfada istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib

Culfa, 22 iyun, AZƏRTAC

Culfa şəhər 3 nömrəli tam orta məktəbdə rayonda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikanın digər rayonlarında olduğu kimi, Culfa rayonunda da qadınların sosial-ictimai həyatda fəal iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradıldığını bildirib. Bu gün qadınlar rayonun sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr verir, elm, təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə uğurlar əldə edirlər. Rayonda yaşayan qadınlar yerli özünüidarəetmə orqanlarında təmsil olunur, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində rəhbər vəzifələrdə fəaliyyət göstərirlər.

Şükür Babayev qeyd edib ki, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması onlara göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Belə sərgilərin təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaqdır. Bu sərgidə rayon üzrə 40 istedadlı qadının sulu və yağlı boya ilə işlənən tablolarından, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 450 rəsm və əl işlərinin sərgi-satışı təşkil edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, bu gün milli dəyərlərimizin öyrənilməsi, təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlərin tərkib hissəsi kimi qədim sənətkarlıq sahələrinin dəstəklənməsi, əl işlərinin sərgi-satışlarının təşkil olunması, keçirilən yaradıcılıq müsabiqələrində, mədəni-kütləvi tədbirlərdə istedadlı gənc qadınların iştirakının təmin edilməsi milli dəyərlərimizin qorunmasına əsaslı töhfələr verir.

Vurğulanıb ki, milli varlığımızın ifadəsi olan çoxəsrlik milli və mənəvi, o cümlədən ailə dəyərlərinin, adət-ənənələrin yaranmasında və təşəkkül tapmasında, layiqincə yaşadılmasında qadınlarımız böyük rol oynayıb. Buna görə də həyata keçirilən dövlət qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Gənc qızların peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün peşə kurslarının təşkil olunması sənət nümunələrinin qadınlarımız tərəfindən qorunub saxlanılması, yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir.

Ramilə Seyidova qeyd edib ki, bu gün muxtar respublikada yaradılan şərait, mədəni mühit qadınların zəngin potensialının üzə çıxarılmasına əlverişli zəmin yaradır. Bu, daimi səciyyə daşımaqla, bütövlükdə, qadınların cəmiyyətdə layiqli mövqeyini qoruyub saxlamağa imkan verir. Culfa rayonunun istedadlı qadınları yaradılan bu imkandan istifadə edərək bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşadacaqlar.

Sonda qadınların əl işlərindən ibarət sərgiyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.