DÜNYA
Culian Assanj yenidən həbs edilə bilər
Bakı, 19 may, AZƏRTAC
Wikileaks-in banisi Culian Assanj Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bu barədə Britaniya polisinə istinadla məlumat yayıb. “Vestminsterin magistrat məhkəməsi 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assanjın həbsinə order verib. Əgər o, səfirliyi tərk edərsə, paytaxt polisi bu orderi icra etməyə borcludur” – Skotlend-Yard-ın bəyanatında belə deyilir.
Xatırladaq ki, bu gün səhər İsveç prokuroru Mariann Ny Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun həbsi barədə əvvəllər verilmiş orderin ləğv olunmasını tövsiyə edib.
2010-cu ildə Stokholmda iki qadına seksual təcavüzdə ittiham olunan Assanj həmin ilin dekabrında İsveç hüquq mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.