CƏMİYYƏT
“Cümhuriyyət” qəzetində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyinə dair məqalə dərc edilib
İstanbul, 29 oktyabr, AZƏRTAC
Türkiyənin çoxtirajlı “Cümhuriyyət” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin dövlət müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü ilə bağlı məqaləsini dərc edib.
“Bir millət, iki dövlət”, “mədəni əlaqələr”, “layiq cümhuriyyətlər”, “bərabəri yoxdur” alt başlıqlarla türkdilli oxuculara təqdim olunan məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədər uzanan əzəmətli yol, keçmiş Sovet İttifaqının qadağalarına baxmayaraq həmin dövrdə Azərbaycan-Türkiyə münasibətlərindəki mədəni əlaqələrin inkişafı, xalqımızın xilaskar oğlu Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün tarixi missiyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli, o cümlədən mədəniyyət və təhsil sahələrinin inkişaf etdirilməsi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti, qardaş ölkələrimizin inkişafı kimi məsələlərdən bəhs olunur.
Baş konsul diqqətə çatdırır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra böyük inkişaf yolu keçib və qüdrətlənib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul