ELM VƏ TƏHSİL
DAŞKƏNDDƏ AZƏRBAYCAN MƏKTƏBİ AÇILMIŞDIR
Daşkənddəki 147 nömrəli orta məktəbin nəzdində Azərbaycan məktəbinin açılışı olmuşdur. Mərasimdə ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov, Özbəkistanda keçirilən referenduma respublikamızdan dəvət olunmuş müşahidəçilər, Azərbaycan mədəniyyət mərkəzinin rəhbərləri, diasporumuzun üzvləri iştirak etmişlər. Səfir A.Əzimbəyov mərasim iştirakçılarını salamlayaraq demişdir ki, Daşkənddə Azərbaycan məktəbi açmaq bizim çoxdankı arzumuz idi. İş elə gətirdi ki, məktəbin açılışı Bakıdan gəlmiş hörmətli qonaqların burada olduqları vaxta düşdü. Balalarımız bu məktəbdə öz dillərini öyrənməklə yanaşı, xalqımızın tarixi, ədəbiyyatı və incəsənəti ilə də tanış ola biləcəklər.
Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Hesablama Palatasının sədri Namiq Nəsrullayev əlamətdar hadisə münasibətilə valideynləri və şagirdləri təbrik etmiş, Daşkənddə Azərbaycan məktəbinin açılmasını yüksək dəyərləndirmişlər. Məzahir Pənahov məktəbə Azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə çap edilmiş “Azərbaycan” kitabını bağışlamışdır.
x x x
Respublikamızdan gəlmiş nümayəndələr Daşkənddə Azərbaycan mədəniyyət mərkəzi üçün binanın, habelə məscidin tikintisində olmuşlar. Səfir Aydın Əzimbəyov qonaqları tikintilərin layihələri ilə tanış edərək demişdir ki, mədəniyyət mərkəzində sinif otaqları, kitabxana, muzey, idman kompleksi yerləşəcək, müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Məsciddə isə soydaşlarımızın ibadət etməsi üçün hər cür şərait yaradılacaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND