SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Fevralın 20-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir qonaqları səmimiyyətlə salamlayaraq, sabiq həmkarlarla, dostlarla görüşmək üçün vaxt tapıb DİN-ə gəldiklərinə görə təşəkkürünü bildirdi. Ramil Usubov respublikamızda kriminogen vəziyyət barədə qısaca məlumat verərək dedi ki, Prezident Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra onun rəhbərliyi ilə hüquq-mühafizə sistemində, cinayətkarlıqla mübarizə, iqtisadiyyat və mədəniyyətin dirçəldilməsi sahəsində çox böyük işlər görülmüşdür.Bunun artıq real bəhrələri var. 1996-cı ildən başlayaraq kriminogen vəziyyət tamamilə nəzarət altına alınmışdır, ağır cinayətlərin sayı ildən-ilə azalır, onların açılması dərəcəsi artır. Rusiya və Azərbaycanın daxili işlər nazirliklərinin əməkdaşlığı da buna kömək edir. Ramil Usubov onu da xatırlatdı ki, Vladimir Ruşaylo Rusiyanın daxili ilər naziri olarkən əməkdaşlığın, qarşılıqlı fəaliyyətin inkişafı üçün çox işlər görmüşdür.
Nazir daha sonra dedi ki, təkcə son beş ildə Rusiyanın daxili işlər orqanları Azərbaycan DİN-in əməkdaşları ilə birlikdə Rusiya Federasiyasının ərazisində 2500-dən çox axtarışda olan cinayətkarı, son üç ildə isə Rusiyada cinayətlər törətmiş və ölkəmizdə gizlənmiş 170 cinayətkarı Azərbaycan ərazisində yaxalamışlar. Bütün bunlar ikitərəfli əməkdaşlığın real nəticələridir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərindən və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfərindən sonra ölkələrimiz arasında münasibətlər daha çox inkişaf etməyə başlamışdır, Rusiya nümayəndə heyətinin indiki səfəri isə ona sübutdur ki, ölkələrimizin rəhbərləri əməkdaşlığı bundan sonra da möhkəmlətmək niyyətindədirlər.
Vladimir Ruşaylo həmkarlarla görüşməyə imkan yaradıldığına görə minnətdarlığını bildirərək, ikitərəfli əlaqələrin, habelə MDB Ölkələri Daxili İşlər Nazirləri Şurası çərçivəsində çoxtərəfli tərəfdaşlığın yüksək səviyyədə saxlanmasında Azərbaycan DİN-in xüsusi rol oynadığını nəzərə çarpdırdı. O, ikitərəfli münasibətlərə toxunaraq, belə bir mövqe ilə tam razı olduğunu söylədi ki, təşəbbüs göstərən və işə istiqamət verən Rusiya və Azərbaycan prezidentləridir, onların göstərişləri hüquq-mühafizə fəaliyyətində həyata keçirilərək, bir sıra addımlar atılır və bunlar artıq öz müsbət nəticələrini verir.
Görüşdə terrorizmlə mübarizə mövzusuna da toxunuldu. Vladimir Ruşaylo Azərbaycanın hüquq-mühafizə orqanlarının, xüsusən DİN-in bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdi. Azərbaycan DİN-in Moskvadakı nümayəndəsinin işi də qeyd olundu.
Tərəflər mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərini də müzakirə etdilər və bu sahədə bəzi məsələlərə toxundular.
Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo birgə işə görə təşəkkür etdi və ümidvar olduğunu bildirdi ki, hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlıq göstərən meyllər davam edəcək və möhkəmlənəcəkdir.