SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN M Ə L U M A T I
2002-ci il yanvarın 29-da Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin baş prokurorlarının, daxili işlər nazirlərinin, təhlükəsizlik və xüsusi xidmət orqanları, gömrük xidməti rəhbərlərinin əlaqələndirmə şuralarının ikinci birgə iclası keçiriləcəkdir. İclasda iştirak etmək üçün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti yanvarın 28-də Belarus Respublikasının paytaxtına yola düşmüşdür.
Iclasda, əsasən, 2003-cü ilədək olan müddətdə cinayətkarlıqla birgə mübarizənin dövlətlərarası proqramının, eləcə də beynəlxalq terrorizm və ekstremizmin digər təzahürləri ilə mübarizə proqramının yerinə yetirilməsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, narkotiklərin qanunsuz yayılmasına qarşı mübarizə və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Yanvarın 30-da isə Minskdə MDB iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri şurasının növbəti iclası keçiriləcəkdir. Bu iclasın gündəliyinə əməliyyat xidmətinin müxtəlif istiqamətləri üzrə qarşılıqlı fəaliyyətin aktual problemlərinin, şəxslərin beynəlxalq axtarışının həyata keçirilməsi qaydaları haqqında təlimat layihəsinin və digər məsələlərin müzakirəsi daxildir.