REGİONLAR


DBNX: mənşəyi məlum olmayan heyvan cəmdəkləri aşkarlanıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də gecə saat 3 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış məlumat əsasında birgə reyd keçirilib.

DBNX-dən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Hacıqabul rayonu Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar “Yol Polisi Postu”nda Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kiloqram olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən heyvan cəmdəkləri aşkar edilib.

Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyənləşdirilib. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.

Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.