İDMAN
DÇ-2018: seçmə mərhələnin dörd oyunundan yalnız birində qonaq komanda qalib gəlib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 10-da futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bir neçə oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “F” qrupunda Şotlandiya yığması öz meydançasında İngiltərə komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu qrupda keçirilən digər qarşılaşmada Sloveniya millisi Malta komandasına 2:0 hesabı ilə qalib gəlib. Hazırda “F” qrupunda turnir cədvəlinə 6 oyundan 14 xal toplayan ingilislər başçılıq edirlər. Xalının sayını 11-ə çatdıran Sloveniya yığması ikinci pilləyə yüksəlib.
E qrupunda Danimarka komandası Qazaxıstan yığmasını 3:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra danimarkalılar 10 xalla qrupda ikinci yeri tutur.
Xatırladaq ki, C qrupunda yer alan Azərbaycan komandası öz meydançasında Şimali İrlandiya futbolçularına uduzub - 0:1. Bu, seçmə mərhələdə dünən keçirilən dörd oyunda qonaq komandaların qazandığı yeganə qələbədir.