İQTİSADİYYAT
DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderə xitam verilib
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı mətbuat açıqlaması veriblər.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açıqlamada deyilir: “SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti Yunanıstanın Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66 faizinin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib. Son iki ildə SOCAR Yunanıstan və Avropa İttifaqı tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıblar”.
“SOCAR, “Snam” və satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar. Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılaşmaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin, tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib. SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir”, - deyə açıqlamada bildirilir.