İQTİSADİYYAT


DGT-nin Bakı şəhərindəki Avropa Regional Ofisinin 5 illik yubileyi qeyd olunub

A+ A

Bakı, 18 oktyabr, Elvira Məmmədova, AZƏRTAC

Oktyabrın 18-də Bakıda Dünya Gömrük Təşkilatının (DGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 5 illik yubileyi və DGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, DGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycanda səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti, iş adamları və Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

DGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Rocer Herman ofisin 2009-cu ildə DGT ilə Azərbaycan Gömrük Xidməti arasında imzalanan memoranduma əsasən inşa olunduğunu və 2011-ci il oktyabrın 17-də fəaliyyətə başladığını bildirib. Rəhbərlik etdiyi qurumun DGT-nin 6-cı Regional Ofisi olduğunu və Avropa regionu üzrə 52 ölkəni əhatə etdiyini diqqətə çatdıran R.Herman ofisin fəaliyyətində hərtərəfli dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünü ifadə edib. Fəaliyyəti dövründə ofisdə bir sıra seminar və konfransların keçirildiyini qeyd edən ofis rəhbəri bu tədbirlərin region ölkələrinin gömrük xidmətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Ofisin yanında fəaliyyətə başlayacaq DGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzindən də bəhs edən R.Herman konteynerlərin yük daşımada əhəmiyyətli rol oynadığını, dünyada gedən iqtisadi proseslərin fonunda tezliklə bölgə ölkələri vasitəsilə yüz minlərlə konteynerin hərəkət edəcəyini bildirib. O, yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edəcək gömrük orqanlarının və əməkdaşlarının bu sahədəki bacarıqlarının artırılmasında mərkəzin önəmli rol oynayacağını vurğulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çıxış edərək, tədbirin əlamətdar bir gündə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündə keçirildiyini vurğulayıb və bayram münasibətilə iştirakçıları təbrik edib.

Müstəqillik bərpa ediləndən sonra Azərbaycanın bütün sahələr üzrə sürətlə inkişaf etdiyini diqqətə çatdıran Aydın Əliyev gömrük orqanlarının da ölkənin inkişafında mühüm rol oynadığını söyləyib. Müstəqilliyin ilk illərində səriştəsiz dövlət idarəçiliyinin gömrük işi sahəsində də tənəzzülə səbəb olduğunu, lakin 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində bu sahədə kəskin dönüş yarandığını bildirən DGK sədri bu gün Azərbaycan gömrüyünün tətbiq etdiyi innovativ layihələr, modernləşmə istiqamətində apardığı islahatlar, ixtisaslı kadrlar və gömrük işi sahəsində əldə etdiyi nailiyyətlərlə beynəlxalq aləmdə tanındığını vurğulayıb.

Aydın Əliyev, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Respublikası DGT-nin həm Regional Tədris Mərkəzi, həm Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, həm də Regional Kinoloji Mərkəzinin mövcud olduğu yeganə dövlətdir. Bundan başqa, Dünya Gömrük Universitetləri Şəbəkəsinin dünyada yeganə ofisi də Azərbaycanda yerləşir və bu, ölkəyə, eləcə də onun gömrük xidmətinə olan etimadın nümunəsidir.

Sonra DGK-nın sədri Aydın Əliyev DGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Rocer Hermana təltif olunduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömrük əməkdaşlığının inkişaf etdirilməsində xidmətlərinə görə” döş nişanını təqdim edib.

Mərasimdə DGT-nin Baş katibi Kunio Mikuriyanın tədbir iştirakçılarına videomüraciəti də nümayiş olunub.

Eyni zamanda, DGT Baş katibinin Avropa regionu üzrə müavininin nümayəndəsi Peter Adamec, Macarıstan Gömrük Xidmətinin nümayəndəsi Gabar Tamas və BMT-nin Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırıblar.

Daha sonra Konteyner və Karqo Üzrə Təlim Mərkəzinin açılışı olub. Mərkəzlə yaxından tanış olan qonaqlar burada yaradılan şəraitdən razılıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.