İDMAN
DİNARA GİMATOVA VƏ ANNA QURBANOVA “A” SERİYASINDA İTALİYANIN KLUB ÇEMPİONATINDA ÇIXIŞ EDƏCƏKLƏR
Yarışların şərtlərinə görə, hər bir klub yüksək reytinqə malik olan və dünya bədii gimnastikasında nüfuz qazanan bir legionerlə təmsil olunmaq hüququna malikdir. “Ardor” klubunun prezidenti Arriqo Rossaneze AGF-nin mətbuat xidmətinə müsahibəsində demişdir: “Bu baxımdan sizin gimnastlar da istisna deyildir. Onlar ustalıq və texnika, alətlərlə hərəkətlərin icrası ustalığı, eləcə də artistizm baxımından digər ölkələrin güclü idmançılarından geri qalmırlar. Biz Qurbanovanı seçdik və əminəm ki, o, etimadımızı doğruldacaqdır”.
“San-Corcio-79” klubunun texniki direktoru xanım Elena Olipranoli isə öz fikrini belə ifadə etmişdir: “Hər il klubumuz İtaliyanın və xarici ölkələrin ən güclü bədii gimnastlarını öz bayrağı altına toplayır. Əvvəllər ukraynalılar, belaruslar və qazaxıstanlılar klubumuzun şərəfini qorumuşlar. Bu dəfə Gimatovaya üstünlük verdik. Çünki o, adlı-sanlı idmançıdır, gözəlliyinə görə bənzərsiz təmrinlər ifa edir. Başlıcası isə, qələbə əzmi ilə fərqlənir”.
Çempionat yanvarın 28-dən fevralın 25-dək İtaliyanın Desio, Roma və Bielle şəhərlərində keçiriləcəkdir. Final isə martın 11-də Fabrianoda olacaqdır.
İtaliyada Gimatova çıxışına lentlə, Qurbanova isə iplə başlayacaqlar.