CƏMİYYƏT


DİN: Sumqayıtda sakinləri yanan binadan çıxararkən beş polis əməkdaşı tüstüdən zəhərlənib və xəsarət alıb

Bakı, 7 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadıqları beşmərtəbəli yataqxananın üçüncü mərtəbəsində ilkin məlumatlara əsasən elektrik şəbəkəsində yaranmış qısaqapanmadan sonra yanğın hadisəsi baş verib. Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin “102 Zəng Mərkəzi”ndən daxil olan məlumatla əlaqədar hadisə yerinə çatan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları yanan binadan 80 ailənin təhlükəsiz əraziyə təxliyə olunmasında yaxından iştirak ediblər.

Sakinləri yanan binadan çıxararkən polis əməkdaşlarından 5 nəfəri tüstüdən zəhərlənib, həm də müxtəlif dərəcəli xəsarətlər alıblar. Sakinlərlə yanaşı, həkim nəzarətinə götürülən, lakin xəstəxanada qalmaqdan imtina edən polislər bu gün də iş başındadırlar və xidmətlərini davam etdirirlər.

İstər yanğın, istərsə də digər fövqəladə hadisələrlə bağlı edilən müraciətlərə polislərin aidiyyəti qurumlarla birlikdə özlərini yetirməsi onu deməyə əsas verir ki, xalqın inamından və sevgisindən güc alan polisimiz ona edilən minnətdarlığın əvəzini qanı və canı bahasına ödəməyə hər zaman hazırdır. Vətəndaşlarımız polisimizin qəhrəmanlığının, ona təhlükədən daha yaxın olmağının dəfələrlə şahidi olublar.

Polis kapitanı Sərxan Ağamirovun, polis leytenantları Yaqub Cəlilovun, Anar Abbaslının, polis serjantları Ümüd Cəfərovun, Asim Kərimlinin insanların harayına yetişməsi adına və andına hər zaman sadiq olan Azərbaycan polisinin sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq durmasının, Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirməsinin daha bir təsdiqidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.