SİYASƏT
DNEPROPETROVSK VİLAYƏTİNDƏ AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDİRLƏR
Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovskdakı regional təşkilatı son vaxtlar öz fəaliyyətini daha da canlandırmışdır.
Qurumdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indi təkcə vilayət mərkəzində deyil, Novomoskovsk, Krivoy Roq, Pavloqrad şəhərlərində də konqresin şöbələri yaradılmışdır. Soydaşlarımız xalqımızı, onun ən yaxşı xüsusiyyətlərini layiqincə təmsil və təbliğ edirlər.
Həyata keçirilən tədbirləri regional təşkilatın “Savalan” qəzeti müntəzəm işıqlandırır. Ukrayna Jurnalistlər İttifaqının üzvü Nadir Zeynalzadənin baş redaktor olduğu bu qəzetin indiyədək ondan çox nömrəsi çıxmışdır. Vətəndən uzaqlarda yaşayan soydaşlarımız Azərbaycanın ictimai-siyasi həyatı, quruculuq sahələrindəki uğurları, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin başçısı Heydər Əliyevin fəaliyyəti barədə “Savalan”ın səhifələrindən xəbər tuturlar.
Konqresin vilayətdəki şöbələri dövlət və milli bayramlarımızı qeyd edir, xeyriyyəçilik tədbirlərində fərqlənirlər. Pavloqrad şöbəsi uşaq evinə hamilik edir.
Dnepropetrovsk Universitetinin tələbəsi Leyla Əhmədovanın bədii rəhbər olduğu “Yeddi gözəl” rəqs ansamblını burada yaxşı tanıyırlar. Kollektiv bir neçə dəfə Kiyevdə də çıxış etmişdir. Regional təşkilat vilayət mərkəzindəki 112 nömrəli orta məktəbin bazasında “Bazar günü məktəbi” yaratmışdır. Bu ilin sentyabrında daha bir belə məktəb açmaq nəzərdə tutulur.
Bu günlər soydaşlarımız Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynaya qarşıdakı səfərini böyük maraqla gözləyirlər.