İQTİSADİYYAT
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Qanuna müvafiq olaraq bütövlükdə 2002-ci ildə Dövlət Gömrük Komitəsi üçün xarici iqtisadi fəaliyyət üzrə 920 milyard manat məbləğində gömrük vergi və rüsumlarının yığılıb dövlət büdcəsinə köçürülməsi proqnozlaşdırılmışdır ki, bu da keçən ilin proqnoz göstəricisindən 100 milyard manat artıqdır.
Belə yüksək dövlət tapşırığının icrasını təmin etmək üçün ilin əvvəlindən başlayaraq bütün qüvvələrini səfərbərliyə alan Dövlət Gömrük Komitəsi, onun yerli orqanları cari ilin 4 ayı üçün müəyyən edilmiş proqnoza layiqincə əməl etmişlər. Ilkin məlumata görə gömrükçülər tərəfindən yanvar-aprel ayları ərzində dövlət büdcəsinə nəzərdə tutulmuş 262,2 milyard manat əvəzinə 262,7 milyard manat məbləğində gömrük vergi və rüsumları toplanaraq köçürülmüş, tapşırığa 100,2 faiz əməl edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,6 milyard manat artıq deməkdir.